Dünyadan od alır arzu da, kam da,
Könlümün içində necə gizlənim?
Gözüm də, könlüm də, qulaqlarım da
Gecəli, gündüzlü axtarır mənim...
Nə gecə tanıyır, nə gündüz könül
Axtarır,
axtarır...
"Yetər!"-deyəmmir.
Tapdığı incini doyumsuz könül,
Bu gün bəyənsə də, sabah bəyənmir.
Tapdım, uşaq kimi sevinirəm mən.
Özüm vuruluram sətirlərimə.
Sonra görürəm ki,
tapdıqlarımın,
Heç biri könlümcə deyilmiş, demə!
İstərəm, həmişə aşıb-daşam mən.
Gecəli-gündüzlü axtanşımdan
Tapdığım ləzzəti
tapdıqlarımda
tapmamışam mən.
Gəzib axtarıram,
Gördüklərim çox.
Min şeir gizlənib hər qarışımda.
Yox-yox!
Gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.
Комментариев нет:
Отправить комментарий