Qocalar

 
Çənə əl üstündə, əl çomaq üstə
Qocalar əyləşir tin başlarında.
Sinə bayatılı, könül şikəsti,
Ömür varaqlanır yaddaşlarında.
Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları.
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Yumub gözlərini düşünür onlar.
Durur göz önündə ötən zamanlar.
Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür.
Dünyadan aldığı, dünyaya borcu
Nəymiş?
Düşüncənin sonu görüm
Çomağın ucuna dikib gözünü,
Onlar saatlarla oturar belə.
Fikir bir gəmi ki, bilinmir yönü,
Çırpmır, çıxammır ancaq sahilə.
Onlar düşündükcə boşalar, dolar.
Birdən düyün düşər fıkrin əvvəli.
Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!
Əvvəllər deyərdim, onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Kitab oxuyardım darıxmamqçün
Onların yerinə olsaydım əgər.
Bir qalın kitabmış hər ömür, demə,
Oxumaq istəsən, yum gözlərini.
Bukar deyilmişlər...
Ürəklərində
Onlar oxuyurmuş öz-özlərini.

Комментариев нет:

Отправить комментарий