Xeyir-Şər


Təbiət insana iki əl verib,
Kiminsə əlindən tutub qaldıraq.
Bizə əməl üçün bir ağıl verib,
Çaylarm üstündən körpülər quraq.
Anamız, atamız bizə dil verib,
Darda çırpmanın halını soraq.
Dillər yaranıb ki, mahnı deyək biz,
Dillər yaranmayıb yalan deməkçün.
Mahnıda birləşir hisslərimiz,
Yalanda ayrılır yollar büsbütün.
O əli, o dili, o ağlı bəzən
Xeyirli işlərə işlətmirik biz.
Bu günə dəm tutan əməlimizdən
Suala çevrilir gələcəyimiz.
Hər duyan ürəkdən bir cahan keçir,
Əlvan boyalıdır dünyanın donu.
Kimi xalq yolunda canından keçir,
Kimi vəzifəyə satır xalqını.
Xalq var, özü odsuz, ocaqsız qalır,
Odundan qonşuya pay verir özü.
Xalq da var, o odu əvəzsiz alır,
Qonşu torpağına dikilir gözü.
Vicdanın güvəsi - tamah dağını,
Aşa bilənlərə insan dedik biz.
Yalandan, riyadan qazandığmı
Vicdansız gerçəkdən qazana bilməz.
Min bir rəng yetirir bir rəngdə torpaq,
Həm şəfa, həm ölüm yatır zəhərdə.
Kol-kos da bitirir, çiçək də torpaq,
Ağlın meyvəsidir xeyir də, şər də.
Yaxşı da, yaman da bizdədir deyin,
Nə onun, nə bunun öz odu yoxmuş.
Xeyir-şər qol-qola! Nə yüksəkliyin,
Nə də alçaqlığın hüdudu yoxmuş.
Böyük bir millətin taleyi bəzən
Tum kimi çırtdanıb tüpürülürkən,
Məəttəl qalırsan şərin hökmünə.
Baxırsan arxaya, baxırsan önə
Nələr törəyərmiş qərəzdən, kindən.
Deyirsən, insanın hafizəsindən
Həqiqət silinib unudularmış.
Xeyir də bu qədər məhkum olarmış?
Qoy nağıl oxusun siyasətçilər,
Onların qəlbinə nağıl nur çilər.
Nağıl dinləyənin fikri ucalır,
Xəyaldan yol açır o, həqiqətə.
Həmişə nağılda qələbə çalır,
Həqiqət yalana, işıq zülmətə.

Комментариев нет:

Отправить комментарий