Hayd Park

 
Londonda "Haydpark" deyilən bir bağda hər kəs
istədiyini danışmaq, hətta hökuməti ittiham etmək
hüququna malikdir.

Hayd park!
Bu bağda azaddır insan.
Azaddır məramı, fikri hər kəsin.
Ey qəlbi yaralı, fikri pərişan,
Qəlbindən keçəni qorxma, de gəlsin.
Danış bildiyini...
Qoruq-qadaq yo:
Burda nə düz sözə, nə yalan sözə.
Burda fikir azad, burda söz açıq,
Yalan doğru kimi dürtülmür gözə.
Bu parkdan kənarda, bağdan uzaqda
Dolaşır ölkəni müdhiş yalanlar.
Ancaq həqiqəti yalnız bu bağda
Deməyə iznin var, ixtiyarın var.
Niyə həqiqətin qaradır üzü?
Ali məclislərdən niyə qovulmuş?
Sözdə hakimsə də
həqiqət özü
Yalan qarşısında müttəhim olmuş.
Boğurlar, düşünüb anlayanları,
Xalq yenə əsrlik qeylü-qalında.
Gerçəyin yerinə ağ yalanları
Gördük həqiqətin pyedestalında.
"Azadlıq məndədir" - söyləyən ölkə,
Ölkələr dağıdıb qana batmısan.
İnsan hüququndan dərs deyən ölkə,
Haqqı bağ güncünə niyə atmısan?
İzdiham önündə danışır biri,
Həqiqət çağlayır məğrur səsində.
Vurur ürəyinin döyüntüləri
Onun hər sözündə, hər kəlməsində.
Qəlblərə nur kimi çilənir səsi,
Sözləri zülmətdə çıraq yandırır.
İnsan arzusunun dilə gəlməsi
Burda daşları da işıqlandırır.
Parkın hər tərəfi yamyaşıl çəmən,
Qışın oğlan çağı - burda ilk bahar.
Haqqın, həqiqətin gül nəfəsindən
Elə bil boy atır burda ağaclar.
Parkdan kənardasa əyri oldu düz,
Sözdən paltar biçdi yalan gerçəyə.
Gülləmi, bombamı, atəşmi haqq söz,
De, niyə qorxurlar düz sözdən, niyə?
Ədalət susanda, haqq boğulanda
Yalan zəfər çalır,
Gerçək mat qalır.
Qanun düşüncəyə qalıb olanda
Haqq söz barıt olur, qalıb yırtılır.
Qalıbı qoruyub saxlamaq üçün
Sözü "Hayd park"da dustaq etdilər.
Bu gün deyilsə də, sabah, başqa gün
Yalan həqiqətdən bir imdad dilər.
Parkın dövrəsində dəmir çəpər var,
Haqq sözün önünü kəsir hasarlar.
Kaş bu park böyüyə, hasar dağıla,
Dünya başdan-başa "Hayd park" ola!

Комментариев нет:

Отправить комментарий