Miz arxasında


Gündüzlər gəzirəm bizim şəhəri,
Axşamlar qonuram öz budağıma.
Axşamlar xəyalım gəzir hər yeri
Dünyanı sığdırıb dar otağıma.
Masa arxasında mən söz ordumu
Çəkirəm üstünə hər qaranlığın.
Mən bütün dünyanı,
Mən öz yurdumu
Mizimin üstündə görürəm aydın.
Masa arxasında... əlimdə qələm

Gəzirəm dünyanı mən qarış-qarış,
Mənim xəyalımın, deyirəm, bu dəm
Ayağı dəyməyən bir yer qalmamış.
Masa arxasında könlüm biqərar –
Yolum neçə kənddən, şəhərdən düşür.
Vyetnama yağan ağır bombalar
Elə bilirəm ki, evimə düşür.
Güclüyəm! - deməli, mən haqqam, deyə,
Zülm haqq paltarı geyinir bu gün.
Mənim misralarım dönür gülləyə
Evini tutanda güclü gücsüzün.
Sinada yandınr gün göyü, yeri,
Yenə də ərəbin Vətəni darda.
"Su" deyib yananda ərəb əsgəri
Mənim dodaqlarım çatlayır burda.
Masa arxasmda öz ürəyimi
Məşələ döndərib yandırıram mən;
Dünyanın dərdləri mürəkkəb kimi
Axır qələmimdən, axır sübhəcən.
Ürəyim ilhamla, sözlə dolanda
Hər sətrim könlümdən od alır mənim.
Duyan bir ürəkdə tel qırılanda
Şeirimin vəzni də qırılır mənim.
Masa arxasında... torpağın, yerin
İsti nəfəsiyəm, zərif ətriyəm.
Mən havanın deyil, hadisələrin,
Könül dünyasının barometriyəm.
Qoşuram ardınca xoş xəyallann,
Yer mənim, göy mənim, asiman mənim.
Qəlbimdən min qəlbə gedən yolların
Əvvəli başlanır masamdan mənim.

Elə ki, qalxıram masa dalından
Xəyalım kiçilir, fikrim gərilmir.
Bayaq otağıma sığışan cahan
İndi öz-özünə sığışa bilmir.
Bayaq öz canıma, qanıma qıydım,
Bilmirdim vaxt keçir, yatasıyam mən;
Bayaq bir dünyanın vətəndaşıydım,
İndi övladımın atasıyam mən.
Oxuyun könlümü şeirlərimdən,
Könül gizlənməsin söz arxasında;
Dünyanın ən gözəl adamıyam mən
İlham aləmində, miz arxasında.

Комментариев нет:

Отправить комментарий