50 yaşım


Mən necə oldu ki, çatdım əlliyə? –
Yox, deyə bilmərəm,
Dedilər: - Niyə?
Bir içim su kimi içdim mən onu.
Əllicə an imiş, demə, əlli il.
İllərin nə təhər sovuşduğunu
Bilərək yaşamaq, yaşamaq deyil.
Bilmədim...
Könlümün həyəcanları,
Qovladı bu dağdan o dağa məni.
Ömrün arzu dolu pilləkanları
Uçurdu budaqdan-budağa məni.
Gün doğdu...
Həvəslə,
Yanan ürəklə
Çalışdım, vuruşdum...
Gün axşam oldu.
İli qarşıladım təzə diləklə,
Bir də ayıldım ki, il tamam oldu.
Yol getdim...
Saymadım yağışı, qarı.
"Məqsədə tələsən dincəlməz" - dedim.
Yanımdan ötüşdü verst ağacları,
Macalım olmadı, saya bilmədim.
Elə qanadlandım,
Mən elə uçdum,
Sürətim döndərdi ayı həftəyə.
Arzular ardınca göylərə uçdum,
Yerin təqvimləri yaramır göyə.
Zəhər də içmişəm, bal da yemişəm.
Ömrümün yolları min keşməkeşdə.
Mən vaxtı heç zaman gözləməmişəm,
Vaxt özü qapımı döyüb həmişə.
Məni yaşadan da təlatüm oldu,
Dalğalar qoynunda ötdü anlarım.
Mənim zaman ölçüm, vaxt ölçüm oldu,
Ölçüyə gəlməyən həyəcanlarım.
Mühit dənizidir önümdə masa,
Ləpədir ömrümün hər anı, qardaş.
Dalğalar ürəkdə baş qaldırmasa,
Həyatda axtarma dalğanı, qardaş.
Yaşadım, bildirib vaxta həddini
Dəli dalğaları mən yara-yara.
Yaşadım...
Eşq olsun vaxtın həddini
Özünə sığdıran çırpıntılara!
Zirvədən ötübdür, döşə qar yağır,
Yel əsir,
qapını qış döyür...
Nə qəm.
Əllimi xərclədim...
Xoşbəxtliyimdir,
Neçəm qaldığını deyə bilmərəm.
Gah müdrik qocayam, cah cavanam mən,
Yadıma salıram gah da ilkimi.
Könlümə sığmayan təlatümümdən
Yaşadım əllimi bircə il kimi.

Комментариев нет:

Отправить комментарий