Yalan hakim olub


Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, dəyanət, məhəbbət, allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, allah.
Əyri əyriliyi yeridir daşa,
Keçib əyriliklə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa.
Görən hara gedir bu millət, Allah.
Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltənətində,
Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yatan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində
Əyrilik sayılır fərasət, Allah.

Комментариев нет:

Отправить комментарий