Səhənd qardaşımıza!


Axdı gözlərimdən sel gizli-gizli
B.Azəroğlu

Səhənd! Mehrabımız ana Vətəndir.
Mehrabın başma dön, aşkar-aşkar.
Arzu çələngimi dan şəfəqindən
Hörürəm, qardaşım, mən aşkar-aşkar.
Deyirlər: "Səbr edin, susun, gözləyin". –
Necə qışqırmayım, - necə? Bir deyin.
Sıxır bədənimi bu kor fələyin
Əynimə biçdiyi don aşkar-aşkar.
Məni qorxutmayır qara gecələr,
Zülmətin təşvişi hədərdir, hədər.
Gecənin bağrından doğulur səhər,
Qızarır üfüqdə dan aşkar-aşkar.

Baba kölgəsinə daldalanmayaq,
Kül olub kül üstə biz qalanmayaq.
Çillə quşu kimi gizli yanmayaq,
Odundan od alım, yan, aşkar-aşkar.
Haqqımı tapdayan məni nə anlar?
Haqqımdan danışır haqqı dananlar.
Belə də dərd olar, siz ey qananlar,
Ağla gizli-gizli, qan, aşkar-aşkar?
Kəndə səs düşməsə itlər hürüşməz,
Könül istəməsə əllər görüşməz.
Bir addım qabağa işığı düşməz,
İçindən yanmasa, can aşkar-aşkar.
Umur səhərini o yazıq Vətən
Bizim qəlbimizin öz atəşindən.
Belə gəlişini istəmirəm mən,
Gələsən, gedəsən sən, aşkar-aşkar.

Комментариев нет:

Отправить комментарий